Sivilizasiyanın başladığı nöqtə

Təsəvvür edin, dayandığınız nöqtə sivilizasiyanın başladığı nöqtədir. Nə hiss edərdiniz?

Semiramida sevgisinə asılmış bağlar, Babil qülləsinin əfsanəsi, lövhələrdə əks olunan dərin həndəsi elmlər, Dəclə və Fərat çayının mənzərəsi…
Babil haqqında nə qədər danışsam, azdır…

Burada təkcə qədim tarixə aid qalıqları deyil, qədim tarixdən bugünə çatmış, sirrləri hələ də tam açılmayan «möcüzələrin» mövcudluğunu da hiss etdim…

«Tanrının qapısı» mənasını verən Babil. Qədim dünyanın ən böyük şəhərlərindən biri — Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılıb. Belə əlverişli mövqedə yerləşdiyi üçün Babil inkişaf edərək ticarət mərkəzinə çevrilib. Sonralar bir hökmdar bu şəhərin ətrafındakı əraziləri birləşdirərək dövlət yaradır və bu dövləti Babil adlandırıb.

Qədim Babil dövlətinin ən qüdrətli hökmdarı Hammurapi olub. Hammurapi kanalların, yolların çəkilməsinə, yeni binaların tikilməsinə, əkin sahələrinin genişləndirilməsinə, bağçılığın, maldarlığın, sənətkarlıq və ticarətin inkişafına böyük diqqət yetirib. O bütün ölkə üçün vahid qanunlar külliyyatı tərtib edib. Bu qanunlar qara bazalt daş üzərinə həkk olunub. 282 maddədən ibarət olan bu qanunlar külliyyatı mixi işarələrlə yazılıb.
Fotolarda sözü gedən bazalt daşını da görə bilərsiniz.